Professor Mahmud Allahmanlı

Mahmud ALLAHMANLI,

filologiya elmləri doktoru, professor

 


ELMİ MƏKTƏBİN BANİSİ

 

Azərbaycan elmində məktəb yaratmış çox az adam var. Onları, bəlkə də, barmaqla saymaq olar. Dilçilik çahəsində bu məktəbi yaradan Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, akademik, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Afad Məhəmməd oğlu Qurbanov olmuşdur. Gördüyü böyük və savab işlər müqabilində o, «Afad Qurbanov» dağı ucaltmış, heç kəsin çata bilmədiyi, hər kəsin həsədlə baxdığı, fəxarət duyduğu bir ucalıqda dayanmışdır. Məhz bu səbəbdən də ona təkcə həsədlə baxanlar deyil, eyni zamanda qısqanclıq münasibətində olanlar da tapılırdı. Ancaq Afad müəllim Afad müəllim idi. O, yaxşı bilirdi ki, belələrinə vaxt sərf etmək artıqdır. Qarşıda görüləsi daha dəyərli işlər var. Ona tələsmək lazımdı. Elə də edirdi. Elmin, mədəniyyətin inkişafı naminə bütün çətinliklərə sinə gərirdi. Bir növ, fədakarlıq göstərirdi. Məhz bütün bu işləri ilə o, özlüyündə nümunə idi.


Afad Qurbanovun fəaliyyəti kifayət qədər çoxşaxəli və rəngarəng idi. Onun mühüm bir hissəsini elmi fəaliyyəti təşkil edirdisə, digər hissəsini ictimai-siyasi fəaliyyəti tuturdu. Qeyri-adi təşkilatçılıq qabiliyyəti vardı. Bunu hələ tələbəlik illərində görmüşdüm. Afad müəllim mənim tələbəlik illərimin iki ilində dekan və iki ilində rektor olmuşdu. Dekan işləyərkən biz tələbələrə böyük qayğı göstərərdi. Demək olar, hər birimizin problemi ilə təkcə dekan kimi deyil, həm də bir vətəndaş kimi maraqlanardı. Ona görə də hər birimizin içində Afad Qurbanov sevgisi yaşayırdı. Təşkilatçılıq bacarığı rektor olanda daha aydın müşahidə edildi. İnstitutu təzədən qurdu. Tarixi ənənələri olan bu institutda böyük quruculuq işlərinə başladı. Davamlı olaraq konfranslar, disputlar, görüşlər keçirildi. Orada təkcə Azərbaycandan deyil, Sovetlər məkanındakı bütün respublikalardan nümayəndələr iştirak etmək məqsədində olurdu.


Sovetlər İttifaqının dağılmasından sonra Afad Qurbanov bir vətəndaş kimi baş verənlərə də fəal münasibətdə oldu. Çünki o, əsl ziyalı kimi problemlərə bələd idi. Və heç vaxt da biganə qala bilməzdi. Qərbi Azərbaycandan qovulan vətəndaşlarımızın ağır vəziyyəti, tarixi torpaqlarımızın itirilməsi onda böyük narahatlıq yaratmışdı. Böyük-böyük tədbirlərdə Afad müəllim ürək yanğısı ilə danışar, problemlərin həlli istiqamətində öz təkliflərini verərdi. Onun xalq deputatı kimi fəaliyyətini xatırlatmaq kifayətdi. Həmin mərhələdə daxildə hakimiyyət uğrunda savaşlar gedirdi. Bir ziyalı kimi bu mütəfəkkir alim həmişə obyektivliyin, ümuminin mövqe-yini müdafiədə göründü. Xalqın mənafeyini hər şeydən uca tutdu. Afad müəllimin «şinel»indən çıxanlar, onun yanında boy göstərənlər, qarşısında onqat əyilənlər, zaman gəldi ki, bu qətiyyətli addımlardan məqsədləri naminə yararlanmağa başladılar.


Afad Məhəmməd oğlu Qurbanovun fəaliyyətinin mühüm və başlıca hissəsini elmi araşdırmaları təşkil edir. Təkrar qeyd edək ki, o, Azərbaycan dilçiliyinə əvəzsiz töhfələr vermiş tədqiqatçılardandır. Özü də heç kəslə, bəlkə də, müqayisəolunmayacaq dilçi alimdir. Təkcə yazdığı məqalələrin, kitabların adını xatırlatmaq kifayətdir. Bir neçə insan ömrü lazımdır ki, həmin kitabları yazsın. Böyük bacarıq və sonsuz həvəs onda bu işləri görməyə hünər yaratdı. Təşkilatçılığı elmi fəaliyyətinə mane ola bilmədi. Bəzi araşdırıcılar var ki, vəzifəyə gələndən və ya hansısa mərtəbəyə qalxdıqdan sonra elmi tədqiqatlara, yaradıcılığa elə də yer vermir. Afad müəllim isə bütün işləri ilə yanaşı, harada dayanmasından, hansı vəzifədə olmasından asılı olmayaraq, elmi fəaliyyətə xüsusi önəm verdi. Bu dekan kimi fəaliyyətində də, rektor işlədiyi zamanda da, xalq deputatı olarkən də davamlı şəkildə yaşandı. Afad müəllimin qələmi həmişə işlədi. Özü də elmin, mədəniyyətin aktual problemlərinin tədqiqinə yönəldi. Bir növ, bu fəaliyyəti ilə ətrafındakıları həmin problemlərin araşdırılmasına istiqamətləndirirdi. Çünki o, nə etməyi və necə etməyi hamıdan yaxşı bilənlərdən idi.


Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarixində və yaddaşında bir Afad Qurbanov adı var. Bu ad bu universitetin tarixi ilə uzun zaman birgə addımlayacaq. Bir alim kimi, bir təşkilatçı kimi, universiteti qurub-yaradan kimi həmişə anılacaq. Afad müəllimin taleyi, canlı fəaliyyəti həmişə bura ilə bağlı olmuşdur. O, tələbəlikdən rektorluğa qədər böyük və şərəfli yol keçmişdi. Son olaraq Azərbaycan dilçiliyi kafedrasının müdiri olaraq fəaliyyət göstərdi. Azərbaycan dilçiliyinin elə bir problemi olmadı ki, Afad Qurbanov ona münasibət bildirməsin. Bu münasibət hansısa məqalədən kitablara qədər böyük yol keçdi. Onomastika sahəsində görülənlər isə Afad müəllimin fəaliyyətində tamamilə başqa bir xətt idi. Demək olar, onun elmi fəaliyyətinin əsas xəttini təşkil edir. O, onomastika sahəsində araşdırmaları ilə bu adda məktəbin yaradıcısı kimi elm aləmində tanındı. Hər il ardıcıl olaraq konfranslar keçirildi. Burada təkcə Azərbaycan ziyalıları təmsil olunmadı, həmçinin digər respublikalardan da tədqiqatçı alimlər iştirak etməyə cəhd göstərərək Afad müəllimin yaratdığı ənənələri özlərinin ölkələrində yaymaq məqsədində oldular. Bu gün onomastika müstəqil bir elm sahəsi kimi dilçiliyin daxilində formalaşıb. Bu sahədə ardıcıl olaraq kitablar yazılır, namizədlik, doktorluq dissertasiyaları yaranır, ali məktələrdə tədris olunur. Artıq Afad müəllimin uğurlu fəaliyyəti sayəsində Azərbaycan onomastikasının müxtəlif sahələri formalaşıb. Ayrı-ayrı rayonların onomastik vahidlərinin tədqiqindən tutmuş yazıçı və şairlərin yaradıcılığının araşdırılmasına qədər geniş bir dairəni əhatə edir. Bütün bunlar, təkrar qeyd edək ki, Afad müəllimin elmə verdiyi töhfələrdir.


Afad müəllimin fəaliyyətində xatırlanmalı mühüm istiqamətlərdən biri ziyalı mühitini yaratmaqla bağlıdır. O, heç kəsə nəsib olmayacaq güclü bir mühit yarada bilmişdi. Bu da onun işgüzarlığından, təşkilatçılıq bacarığından, istedadının sonsuzluğundan irəli gəlirdi. Afad müəllim bunların hamısına qeyri-adi qabiliyyətinin sayəsində nail olurdu. Onun, bəlkə, bir ordu qədər yetirdiyi namizəd və doktorlar var. Azərbaycanın elə bir şəhəri, kəndi olmaz ki, Afad müəllimin orada tələbəsi olmasın, onun natiqliyinin şahidinə çevrilməsin. Bu mənada Afad müəllim Azərbaycan tarixinə bir müəllim kimi də adını yazmışdır.


Son olaraq Afad müəllim Azərbaycan dilçiliyi kafedrasının müdiri kimi fəaliyyət göstərirdi. O, tələbələrindən səmimi bir mühit yaratmışdı. Sevimli tələbələrinin əhatəsində idi. Mən institut illərində onun tələbəsi olmuşdum. Tale elə gətirdi ki, müəllim kimi də onunla bir yerdə işləməli oldum. Məsləhətləri, bütün məsələlərə təmkin göstərməsi, natiqliyi hamımıza nümunə idi.


Afad müəllim şərəfli bir ömür yaşadı. Adını xalqın tarixinə yazdı və bütün fəaliyyəti ilə nümunəyə çev-rildi. Afad Qurbanovun fəaliyyəti həmişə uca tutulurdu. Çox mükafatlar aldı, dövlət və hökumət səviyyəsində qiymətləndirildi. A.Qurbanov ən böyük mükafatı xalqdan aldı, öz adını elmin, mədəniyyətin tarixinə yazdı, özünün daimi yaşarılığını qazandı və böyük xalq sevgisinə öz canlı fəaliyyəti ilə sahib çıxdı.